IT Team tərəfindən göndərildi | Aprel 6, 2010

“Ölümə hazır olmaq da bir silahdır”

Bəhmən Fərman oğlu Məmmədov 1939-cu ildə anadan olub.

Sırxavəndin yaman günüydü. Bu kəndin dadına çatmaq istəyən oğullardan biri də Bəhmən Məmmədov idi. Nə silahın azlığı, nə düşmənin fəndgirliyi, arxalı olması bu itidi yolundan döndərə bilmədi. Özü kimi yenilməz oğullarla birlikdə Sırxavəndə dayaq oldular. Nə qədər uğurlu əməliyyatlar keçirdilər, neçə yağınmın burnunu ovdular, dost itgisindən yanıb yaxıldılar. Bəhmən orta məktəbi qurtardıqdan sonra hərbi xidmətə çağrılır. Sonra Ağdam rayonunda Mexanizasiya texnikumuna daxil olur. Uşaqlıqdan öz çevikliyi və qüvvəsi ilə hamını heyran edən Bəhmən, ali və orta məktəb tələbələri arasında keçirilən güləş yarışında iştirak edərək Xankəndində üç erməni tələbəsinin kürəyini yerə vurmuş və birinci yeri tutmuşdu. Az keçmir ki, Bəhmən Məmmədov Quba şəhərində keçirilən respublika miqyaslı yarışa dəvət olunur. Həmin yarışda da birinci yeri tutan Bəhmənin sevincinin həddi-hüdudu yox idi. Bəhmən texnikumu əla qiymətlərlə başa vurduqdan öz doğma kəndi Sırxavəndə qayıdır. Öz təhsilini indiki Gəncə Kənd Təsərrüfatı Akademiyasında davam etdirir. Babası Qasım kişinin erməni-müsüəlman davası haqqında etdiyi söhbətləri Bəhmən tez-tez xatırlayırdı:

“Erməni daşnakları yenidən azərbaycanlıların soyqırımına başlayıblar. Yenə də azərbaycanlıları diri-diri odlanacaq, başları kəsiləcək, böyük işgəncələrlə öldürüləcək və qanlarına qəltan ediləcəklər. Babası Qasım kişi də erməni yaraqlılarına qarşı amansız olmuş, onlarca erməninin qanına qəltan etmişdi. Qasım kişinin səsi gələndə düşmən özünə yer tapmırmış”.

Bəhmən Məmmədov bütün varlığı ilə kəndin müdafiəsini qurmağa başladı. Kəndin əli silah tutan gənclərini başına yığdı. Müharibədən başı çıxan ağsaqqallardan məsləhətlər aldı. Kəndin ətrafında müdaifə postu yaratdı. Günü-gündən hər bir silah növü ilə təhciz olunan erməni yaraqlıları bütün Qarabağ torpağında hücumlarını genişləndirirdilər. Üç tərəfdən erməni kəndlərinin əhatəsində olan Sırxavəndlilərin vəziyyəti ağırlaşırdı. Bəhmən kənd gənclərinin qorxmazlığına, cəsarətinə, yenilməzliyinə yaxşı bələd idi. Erməni quldurları hər bir hücumunda hərbi texnika və müasir silah növlərindən istifadə edirdilər. Buna baxmayaraq, Bəhmən erməni quldurlarının hər təcavüzünə qəhrəmanlıqla sinə gərir, döyüşçülərdə böyük döyüş əhval-ruhiyyəsi yaradırdı. Hər döyüşdə bir gözü düşmənin, bir gözü isə cavanların üstündə olardı.

1991-ci ilin payızında quldur yuvası Ballıqayadan erməni yaraqlıları saatlarla Sırxavənd kəndini topa tutur, gülləbaran edirdilər. Ulubab yerində törətdikləri qanlı faciədən sonra quldurlar daha üç nəfər sırxavəndli igidini qətlə yetirdilər. Qonşu azərbaycanlı kəndləri günü-gündən oda qalanır, erməni vəhşiliklərinin hücumuna məruz qalırdılar. Günü-gündən təklənən bu kəndlərin səsinə səs verən, dərdinə şərik olan yox idi. Düşmən Sırxavənd kəndini məhv etməyə çalışırdı. Bu məqsədlə də bütün qüvvəsini quldur yuvası Ballıqayaya toplayırdı. Çünki, yaxşı bilirdi ki, nə qədər Sırxavənd yaşayır, quldurlar öz məqsədlərinə çata bilməyəcəklər. Həqiqətən də Sırxavənd kəndi Aran Qarabağın açarı, ona açılan pəncərə idi. Əsgərlərimiz kənddə özünümüdafiə batalyonu yaratmaq qərarına gəldilər. Rsəmi olaraq 1991-ci ilin dekabr ayında Sırxavəndin əli silah tutan sakinlərindən özünümüdafiə batalyonu yaradıldı. Kənd ağsaqqlarının məsləhəti ilə Bəhmən Məmmədov batalyonun komandiri seçildi. Bütün el-oba Bəhməni sadə, təmiz, qorxubilməz, qüvvətli, həddən artıq çevik, cəsarətli bir adam kimi tanıyırdı. Söz düşəndə deyərdilər ki, rəhmətlik babası Qasım kişiyə oxşayır. Əslin əvvəlində Qasım kişi həmkəndliləri ilə ermənilərə yaxşı dərs vermişdi. Bəhmənin üzərinə daha böyük məsuliyyət düşmüşdü. Gecəsi-gündüzü yox idi. Bir komandir kimi hər an postları dolaşır, əsgərlərin vəziyyəti ilə tanış olur, onlara məsləhətlər verirdi.

Polis podpolkovniki Güloğlan Məmmədov:

-Sırxavəndə gəldiyim gündən kənd camaatının qonaqpərvərliyi, qayğıkeşliyi, vətənpərvərliyi məni heyran etmişdi. Özümü doğmalarımın arasında hiss edirdim. O kənddə böyük döyüş yolu keçdim. Sırxavəndin əyilməz oğlanları Bəhmən Məmmədovun, Səməd Fərzəliyevin, Natiq Əliyevin, Seymur Quliyevin və Nuru Ağayevin döyüşlərdə göstərdikləri şücaətlər bu gün də gözümün qabağındadır. Bu gün inanmıram ki, belə qəhrəman oğullar aramızda yoxdur. Bəhmən Məmmədovla tanışlığım Güney postunda oldu. Şiddətli döyüşlər gedirdi. Erməni yaraqlıları cəhd göstərirdilər ki, Güney postunu ələ keçirsinlər. Amma Bəhmənin planlı döyüşü düşməni çaş-baş salmışdı. Bəhmən hərdən öz başaltılarını da işə salırdı, o dəqiqə də bir erməni qulduru o dünyalıq olurdu. Qoymazdı ki, hara gəldi güllə atasan və düşmən hədəfini dəqiq öyrənəndən sonra əmr verərdi. Həmin döyüşdə Sırxavənd oğlanlarının igidliyini, Bəhmənin qorxmazlığını gördüm. Döyüş səngiyən kimi ona yaxınlaşıb əhsən komandir dedim. Elə o gün də Bəhmən Məmmədovla yaxından tanış oldum. Həmişə polis şöbəsinə gələrdi, bir yerdə məsləhətləşib,  döyüş planları hazırlayardıq. Bəhməndə əsl hərbçi nizma intizamı vardı. Hər zaman komandir olduğu özünü müdafiə batalyonun əsgərləri arasında o, tez-tez bu cümləni işlədərdi: “ölümə hazır olmaq da bir silahdır. Bir dəfə də onu işlətmək gərəkdir”. Bu gün Sırxavənd camaatı Bəhmən kimi qəhrəmanla fəxr etməlidir.

Sırxavənd özünümüdafiə batalyonu əsgərlərinin düşmənə qarşı göstərdikləri igidliklərə görə Qarabağda və respublikada ad-san çıxarmışdı. Bəhmən ilk Milli Ordumuzun təməlini qoyan peşəkar hərbçi Şirin Mirzəyevlə görüşüb məsləhətlər alardı.

Mənim yaddaşımdan silinməyib. Qış günləri, qarlı-şaxtalı, boranlı-çovğunlu Sırxavənd yolları. Bir neçə gün idi ki, yağan güclü qar bütün bəndləri, bərələri kəsmişdi, heç bir yer görünmürdü. Fəndgir düşmən şəraitindən istifadə edərək kəndi artilleriya atəşinə tutur, nəyin bahasına olursa olsun Sırxavəndi ələ keçirmək istəyirdi. Getdikcə döyüşlər şiddətlənir, güllə Sırxavəndin üzərinə yağış kimi yağdırılırdı.

Güney postu düşmənin əlinə keçmişdi. Həmin yüksəklikdən Sırxavənd kəndi əlin içi kimi görünürdü. Camaatın əl-qolu bağlanmışdı. Səmədfin əbədiyyətə qovuşması onları yaman sarsıtmışdı. Bundan istifadə edən qarı düşmən kəndə soxularaq bir neçə evi yandırmış və Cahangirin evində özünə mövqe tutan 8 nəfər Sırxavənd döyüşçüsünü mühasirəyə almışdı. Hər ötən dəqiqə kəndin müqəddəratını və mühasirəyə düşmüş igidlərin taleyini həll edə bilərdi. Bəhmən qəti hyücumunun qarşısını almalı, ikinci dəstə isə xəlvəti yolla Əzgilli şişinə qalxmalı, düşmənə arxadan zərbə endirməlidir”.

Dağlara düşmüş qalın qar hərəkəti çətinləşdirirdi. Bəhmənin dəstəsi isə tələsirdi. Hər keçən saniyə bir insan həyatına bərabər idi. Böyük çətinlikdən sonra Bəhməngil Əzgilli şişinə çatdılar. Bəhmən dəstəni iki yerə bölüb tapşırıq verdi. Düşmən qəflətən arxadan atəşə tutuldu. Bunu gözləməyən erməni quldurları çaş-baş qaldılar. Cəsur komandir və onun döyüşçüləri düşməni sərrast atəşlə bir-bir yerə sərirdi. Bəhmənin beşatılanının səsi bütün Əzgilli şişini, Ballıqayanı lərzəyə gətirmişdi. Atdığı hər bir güllə düşməni elə yerindəcə öldürürdü. Sağ qalan erməni quldurları qaçıb canlarını qurtarmağa yol axtarırdılar.  Bəhmən neçənci dəfə idi ki, öz döyüşçüləri ilə düşmənin arzusunu gözündə qoyurdu.

Güney postunun erməni yaraqlıları vermək istəmirdilər. Amma arxadan vurulan zərbələrə də tab gətirə bilmirdilər. Düşmən hər tərəfdən gülləbaran edilirdi. Çünki Güney postunu əldən vermək həlledici döyüşü uduzmaq demək idi. Artıq qarşısı alınmaz hücumu görən erməni quldurları geri çəkilməyə başladılar. Bəhmənin komandası ilə ikinci dəstənin döyüşçüləri Güney postunu ələ keçirmişdilər. Amma sayıqlığı əldən vermək olmazdı. Hər şeydən əli çıxmış erməni quldurları növbəti məğlubiyyətlərini görüb, Ballıqayaya tərəf geri çəkilirdilər. Bu günkü döyüşdə Bəhmənin komandirlik etdiyi əsgərlər böyük sınaqdan çıxdılar. Bir daha Sırxavənd igidləri düşmənin böyük qüvvəsi qarşısında əyilməzliklərini qızıl hərflərlə tarixə yazdılar.

Güney postu öz doğma müdafiəçilərinin əlində idi. Bəhmən öndə Güney postuna tərəf  irəliləyirdi. Qəfil açılan güllədən Bəhmən səndələdi. Heç bir ağrı hiss etmədən özünü düzəldib yaxınlıqda gizlənmiş erməni quldurunu yerindəcə gəbərtdi. Başından ağır yara almış Bəhmən Məmmədovu çətin dağ cığırları ilə kəndə gətirdilər. Bəhmənin yarası ağır,Sırxavəndin dərdi isə dözülməz idi. Onu Bakıya gətirdilər.

Xəstəxananın cərrahı:

-25 ilə yaxındır ki, tibbi sahədə çalışıram. Bu illərdə müxtəlif  xəstələrim olub. Ancaq Bəhmən Məmmədov kimi sağlam, dözümlü, dağ ürəkli adam görməmişdim. Səkkiz saatlıq cərrahiyyə əməliyyatından sonra üç gün ürəyinin hesabına yaşadı.

Bəhmənin ürəyində Vətən sevgisi, xalq məhəbbəti, düşmənə qarşı sonsuz qəzəb və nifrət var idi. Sənə ölüb deməyə heç kəsin dili gəlmir Bəhmən! Sən Sırxavəndin igid oğlu, xilaskarıydın. Uşaqdan tutmuş böyüyə kimi hamı sənin qəhrəmanlığından danışır. Son döyüşündə düşmənin cəngindən azad etdiyi körpələr sənin yadigarın, gələcəyindir Bəhmən!

Bəhmən Fərman oğlu Məmmədovun vətənə xidməti dövlət tərəfindən layiqincə qiymətləndirilməyibsə sə o qəhrəman adını sağlığında qazanmışdı. İgid komandir Bəhmən Məmmədovun adı əbədiləşdirilib. İndi Sırxavənd kəndinin böyük təssərüfatı  Bəhmən Məmmədovun adını dayışır. Mətbuat səhifələrində Bəhmənə həsr olunmuş yazılar dərc olunmuş, efir dalğalarında ona həsr edilmiş verilişlər və radio oçerqlər səslədirilir.

Məzarı Ağdamın Şəhidlər Xiyabanındadır.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: