IT Team tərəfindən göndərildi | Aprel 6, 2010

ANAMA DEYİN GÖZLƏMƏSİN

Nuru Çərkəz oğlu Ağayev 1970-ci ilin yanvarın 13-də anadan olub. Nuru Ağayevlər ailəsinin ikinci oğul payı idi. O gəlişi ilə Çərkəz əmiyə, Fənar xalaya bir dünyaya sevinc gətirmişdi. İncə dodaqlarında təbəssüm dolaşan, qaraqaş, qaragöz, qaraşın, suyuşirin balaca Nuru hamının sevimlisi oldu. Əldən-ələ, qucaqdan-qucağa gəzdi. Əzizlənə-əzizlənə, oxşana-oxşana böyüdü. Orta məktəbi doğma Sırxavənd kəndində qurtardı. Ucaboylu, mehriban, mülayim davranışlı, şən, nikbin təbiətin Nuru dostlarının sevimlisi oldu.

1988-ci ilin yazında Nuru hərbi xidmətə çağrılır. İki illik əsgərlik borcunu Ukraynanın Xmelnitski vilayətində başa vurur. O vaxtlar erməni daşnakları Xankəndində, İrəvan Tetar meydanında gecə-gündüz “Qarabağ bizimdir” deyə qışqırırdılar. Günü-gündən bütün Qarabağ torpağını bürüyən erməni quldurlarının bəd əməlləri Nurunu narahat edirdi. Onun gecəsi-gündüzü fikir içində keçirdi. Nurunun uşaqlıq və əsgərlik yoldaşı Həsən Abdullayev deyir:

-Nuru ilə uşaqlığımız bir yerdə keçib, orta məktəbi də bir yerdə qurtarmışıq. Tale elə gətirdi ki, əsgərlik borcumuzu da bir hərbi hissədə başa vurduq. İki illik əsgərlik dövründə bir günümüz bir il kimi görünürdü. Nuru təşkilatçılığı və bacarığı ilə hamımızdan fərqlənirdi. Biz vətənə tez qayıtmaq üçün yollar axtarırdıq. Nuru ilə dəfələrlə qaçmaq istədik. Amma baş tutmadı. Moskva televiziyası ilə verilən xəbərlər bizi daha da əsəbiləşdirirdi. Elə ona görə də erməni, rus uşaqları ilə dəfələrlə rotamızda mübahisələrimiz düşmüşdü. Nuru vətənpərvərliyi ilə yanaşı, həm də əvəzedilməz dost idi. Dost yolunda canından keçməyə hazır idi. Əlinə düşən bir tikəni bizsiz yeməzdi.

1990-cı ilin mayında Nuru doğma Sırxavəndə qayıtdı. Nuru ilk gündən torpaqlarımızın müdafiəsinə qalxdı. Polad bilək, boy-buxunlu bu igid az müddətdə kənd camaatının hörmətini qazandı. Qarlı-şaxtalı günlərdə vətənin  keşiyini çəkdi. Sırxavəndinin bir ovuc torpağı üçün canından-qanından keçməyə hazır oldu. Dəfələrlə düşmən hədəfini susdurdu. Çətin əməliyyatlarda şücaətlər göstərirdi. Neçə erməni quldurunu məhv etdi. Sırxavəndin özünümüdafiə batalyonunun qorxmaz, bacarıqlı bir əsgəri kimi ad-san çıxardı.

Nuru qoçaqlığına, igidliyinə görə sonralar Ağdərə polisinə qəbul edilmişdi. O, hiss edirdi ki, Vətənin azadlığı, müstəqilliyi yolunda lazım gəlsə canından keçməlisən. Ona görə də hər bir döyüşdə irəliyə can atırdı.

Nuru Ağdərə bölgəsində hər bir kəndin, məntəqənin, qəsəbənin ermənim quldurlarından azad edilməsində gedən ölüm-dirim savaşlarında igidliklər göstərmişdi.

Son dəfə yanvarın əvvəlində evlərinə baş çəkir. Evdə: “elə vaxtında gəlmisən” – dedilər. Üç gündən sonra yəni yanvarın 13-də ad günüdür. Keçən il də sənə ad günü keçirmədik. Amma bütün dost – tanışlara xəbər vermişik. Sənin ad gününü bu dəfə necə lazımdı elə də keçirəcəyik. Nuru heç kimin qəlbinə toxunmasın deyə dinmədi.

…Şaxtalı bir yanvar gecəsi idi. Qış küləyi aləmi bir-birinə qatmışdı. Beş addım irəlini görmək olmurdu. Nurugil kəşfiyyatdan qayıdanda axşamdan xeyli ötmüşdü.

Erməni quldurları isə hücuma keçmişdilər. Ağır döyüşlər gedirdi. Ağdərə polis şöbəsinin əməkdaşları sağ cinahdan düşmənə zərbə vurmaq tapşırığını özü üzərinə götürmüşdü. Xeyli irəliləmişdilər, lakin erməni quldurları tutduqları mövqeləri vermək istəmirdilər. Ölüm-dirim mübarizəsi gedirdi. Getdikcə döyüş şiddətlənirdi. Quldurlar sağ cinahdan vurulan zərbələrə tab gətirməyib, geriyə çəkilməyə başladılar. Nurugilin bölməsi verilən tapşırığı yerinə yetirmişdilər. Ağdərə-Kəlbəcər yolunun bir hissəsinə nəzarət edirdilər. Nurugil yeni aldıqları mövqedə yerlərini möhkəmlədirirdilər. Sübh tezdən başlayan şiddətli döyüşdə əsgərlərimiz böyük qəhrəmanlıq göstərmişdilər. Nuru həmişəki kimi bu dəfə də fərqlənmişdi. Döyüş yoldaşları Nurunu döyüşün qəhrəmanı adlandırırdılar. Qəfil atılan “qrad” mərmisi dörd tərəfi alt-üst etdi. Mərminin bir qəlpəsi Nurunu haqlamışdı. Nurunun köməyinə çatan yoldaşları onu hərbi səhra qospitalına çatdırdılar. “Anama deyin gözləməsin” – deyərək Nuru əbədiyyətə qovuşdu.

Nuru söz düşəndə deyərdi ki, özünüzü “Boz qraddan” gözləsin. O, “qradı” boz qrad adlandırırdı.

Bu döyüş Nurunu son döyüşü idi. Aldığı yara yanvarın 13-də 24 yaşı tamam olan gün 5 iilik keçdiyi döyüş yoluna nöqtə qoydu. Ən mühüm tapşırığını yerinə yeritdikdən sonra Nuru torpaq, Vətən yolunda özünü qurban verdi.

Məzarı Bərdə rayonunun Şəhidlər Xiyabanındadır.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: