IT Team tərəfindən göndərildi | May 1, 2010

XATİRƏLƏRDƏ ƏBƏDİ YAŞAR QƏHRƏMAN

Səməd Ərşad oğlu Fərzəliyev 1961-ci il noyabrın 4-də dünyaya göz açmışdı. Orta məktrəbi bitirəndən sonra Bakı Bədən Tərbiyəsi Texnikumuna daxil olmuşdu. 1979-cu ildən Monqolustanda hərbi hava qüvvələrində xidmət etmiş, 1981-ci ildə orduda tərxis olunmuş, texnikumda təhsilini başa vurduqdan sonra öz kəndlərində müəllimlik fəaliyyətinə başlamışdı. 1990-cı ildə təhsilini Bakı Dövlət Bədən Tərbiyəsi İnstitutunda davam etdirmişdi. S. Fərzəliyev 1989-cu il avqustun 14-də keçmiş DQMV üzrə təşkilat komitəsinin sədri A.Volskinin əmrinə əsasən general Safovnov tərəfindən həbs edilmişdi. Bəs, Səmədi niyə həbs etmişdilər? O vaxtlar Sırxavənd kəndinin 10 km-də Dovşanlıdakı mərmər zavodu daşnakların mərkəzi qərargahı idi. Erməni quldurlarının Qarabağı işğal planı burada hazırlanırdı. Həmin qərargahı isə Səməd partlatmışdı.

Ağdərədən Xankəndinə gedən yolda ermənilərin maşın karvanının qabağını kəsmiş və avtomobillərinin təkərlərini güllədən keçirmişdi. Bununla da Ağdərə ermənilərinin Xankəndində keçirilən mitinqində iştirak etmək planlarını pozmuşdu. Həmin hadisədən sonra Sırxavənd kəndinə rus ordusu desant tökdü. Lakin Səmədin tutulmasına kənd camaatı imkan vermirdi. Əksinə Səməd desantçılara bələdçilik edən erməniləri gülləbaran etdi.

Xaçın körpüsünün üstündə yerləşən və ermənilərin “Andronik” adlandırıb yığışdıqları pavliyonu da Səməd partlatdı. Bundan başqa onlarca “boevik”i məhv etdi. Daşnaksütun partiyasının iki nəfər üzvünü ermənilərə silah paylayıb qayıdarkən Sızqa dərəsində qanlarına qəltan etdi.

Çıldıran-Ballıqaya yolunda erməni quldurlarının BMII-1-nin partladıb bütün heyəti ilə məhv etdi. Səməd həmin bölgədə ermənilərin işğalçı siyasəti qarşısında əsas maneə idi. Onun göstərdiyi igidliklər bütün Qarabağ ermənilərini vahiməyə salmışdı. Ona görə erməni başbilənləri çalışırdılar ki, əyin bahasına olursa olsun Səmədi ələ keçirsinlər.

1989-cu il avqustun 14-dən 15-nə keçən gecə saat üç radələrində hər tərəfdən Sırxavənd kəndinin rus əsgərləri mühasirəyə alır. General Safanov həmin vaxt A.Volskinin əmrini yerinə yetirir. Səməd və Nazim Fərzəliyev qardaşlarını həbs edir.

Nazim Fərzəliyev: “Bizi həbs edən kimi Xankəndinə gətirdilər, ayrı-ayrı kameralara saldılar. Elə ilk gündən bizə olmazın işgəncələr verməyə başladılar. Hər dəfə də bizi başqa-başqa adamlar danışdırır, sorğu-suala tutur, əzab-əziyyət verirdilər. Düzü düşmənin verdiyi işgəncələr nə qədər dözülməz olsa da tab gətirirdik. Hərdən bir Səmədin qonşu kameradan zümzüməsini eşidirdim. Bir dəfə özümü ələ alıb və bütün ağrıları unudaraq ona diqqətlə qulaq asmağa başladım. O mahnı ilə mənə açıqca deyirdi: “Möhkəm dayan qardaş, mən heç nəyi boynuma almamışam, sən də alma. De ki, heç nədən xəbərim yoxdur. Müvəqqəti çətinlikdir, qorxma. Bizləri dardan çıxaran oğullar tapılar. İgidin başı qalda gərək. Özünü əsil kişi kimi apar. İnşallah tezliklə görüşərik”.

Nəhayət 103 gündən sonra qardaşlar görüşdülər. Bu müddət ərzində olmazın əziyyəti çəkmişdilər.

Amma bu igidlər hər bir işgəncəyə dözmüş, düşmən qarşısında əyilməmiş, sınmamışlar. Həmin dözülməz günlərdə Səməd dediyi sözün üstündə durmuşdu: “Qarabağ bizim dədə-baba yurdumuzdur. Canımızdan, qanımızdam keçərik, bir qarış torpağımızı vermərik”.

Bəs, Səmədgil həbsdən necə azad olundu.

Fazil Fərzəliyev: “Qardaşlarımın saxlandığı yer gizli saxlanılırdı. Keçmiş SSRİ-nin elə bir təşkilatı yox idi ki, ora müraciət etməyək. Hətta Birləşmiş Millətlər Təşkilatına da teleqrama göndərmişdik. Amma səsimizə səs verən, köməklik göstərən olmadı. Rəhmətlik Vaqif Cəfərovun köməkliyi ilə 25-ci günü xəbər tutduq ki, uşaqlar Xankəndində həbsxanadadırlar. Nazim aldığı zərbədən ölümcül vəziyyətdədir. Ümidimiz hər yerdən kəsilmişdi. Ağdərə-Xankəndi yolunda Ağdərə rayon polis şöbəsinin rəisini, baş müstəntiqini və rayon prokurorunu girov götürdük. Bu bizim üçün üzümüzə açılan kömək qapısı idi. Uzun sürən danışıqlardan sonra qardaşlarım həbsxanadan buraxıldı.

Səmədgil azad olunduğu gün Sırxavənd camaatı toy-bayram etdi, hamı onların görüşünə gəldi. Ermənilər elə hesab etdilər ki, bu qardaşların artıq müqaviməti qırılıb. Bir daha torpaq təəssübü çəkməyəcəklər. Amma yanılmışdılar. Səməd həbsxanadan azad olunan kimi yenə torpaqlarımızın müdafiəsində dayandı.

Səmədin başçılığı ilə Ballıqaya kəndində aparılmış yoxlama hər tərəfə səs saldı. Səməd qrimlənərək rus əsgəri formasında silahdaşları – Seymur, Rizvan və Azərlə Ballıqayada axtarışlar aparmışdı. Son altı ayda gecəsi gündüzü olmayan Sırxavənd igidləri düşmən qarşısında qəhrəmanlıqlar göstərirdilər. S.Fərzəliyevin bölməsi verilən hər tapşırığı uğurla yerinə yetirir, düşmənin atəş nöqtələrini, texnikasını sayıb, hansı qüvvəsi olmasını dəqiqliklə öyrənib, qərargaha çatdırırdılar. Yeri düşdükdə düşmən arxasına keçib, zərbələr endirir, hücum planın pozurdular. Səməd bir neçə dəfə əlbəyaxa döyüşlərdə erməni quldurlarının burnunu ovmuşdu. Gecədən başlanan qar bütün yol-izi bağlamışdı. Döyüşçülər arasında əhatə çətinləşmişdi. Sübh tezdən kəndin üzərinə yağdırılan güllə boran hərəkəti lap ağırlaşdırırdı. Düşmən topunun, texnikasının səsindən Sırxavənd kəndi lərzəyə gəlmişdi. Yenə də Səmədin sol cinahdan döyüşün ağırlığını öz üzərinə götürdü. Mərkli düşmən çalışırdı ki, Sırxavəndi ələ keçirsin və aran Qarabağa yol açsın. Amma yeri düşdükdə Səmədgil sərrast atəşlə erməni quldurlarının atəş nöqtələrini susdururdu. Səmədin özü fasiləsiz atəş açaraq ermənilərin diqqətini özünə cəlb etdi. Düşmənin hər birinin açıdığı atəş onun tutduğu mövqeyə yönəlmişdi. Səməd bir anlığa atəşini dayandırdı. Başqa mövqelərdən düşmənə qarşı atəşin güclənjdirilməsini yodaşlarına əmr etdi. Az da olsa Səməd düşməni özündən yayındırmışdı. Qəflətən akrobatik sıçrayışda irəli daha əlverişli mövqe tutdu.

Və ayaq üstə atəşi davam etdirdi. Bu döyüşdə Səmədə bəlkə də onlarca əsgərin işini gördü. Düşmən hücumunun qarşısını aldı. Amma sən demə  bu Səmədin sonuncu döyüşü imiş. Qəfil atılan snayper gülləsi onun gənc həyatına son qoydu.

Şəhidlik zirvəsinə yüksələn və öz ölümü ilə Vətənini ucaldan igid döyüşçü Səməd Fərzəliyev bu gün onu tanıyanların, el-obasının xatirində bir qəhrəman kimi yaşayır. O, sağlığında qəhrəman adını qazanmışdı. Əfsuslar olsun ki,  dövlət Sırxavənd igidi Səməd Fərzəliyevi qiymətləndirilməyib.

Qəhrəman döyüşçü Səməd Fərzəliyevin adı əbədiləşdirilmişdir. Sırxavənd kənd orta məktəbi 31 yaşlı şəhidin adını daşıyır. Haqqında mətbuat dəhifələrində yazılar, oçerqlər dərc olunub. “Şəhid şəhərin şəhid oğulları” kitabında Səməd Fərzəliyevin qısa da olsa döyüş yolundan, onun qəhrəmanlıqlarından söhbət açılıb. Efir dağlarında Səmədə həsr edilmiş verilişlər və radio-oçerqlər səsləndirilib. Radio verilişləri fondunda S.Fərzəliyevin qəhrəmanlığına həsr edilmiş veriliş saxlanılır.

S.Fərzəliyevin yurdunda bir oğul və iki qızı böyüyür.

Məzarı Ağdam rayonunun Şəhidlər xiyabanındadır.


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Kateqoriyalar

%d bloqqer bunu bəyənir: