IT Team tərəfindən göndərildi | May 1, 2010

SIRXAVƏND

Ulubab və Ballıqaya silsilə yüksəkliklərinin əhatəsində yerləşən Sırxavənd kəndi Xaçın çayının sol sahilində salınmışdı. Bura aranla dağın Qırxqızla Murovun görüş yeridir. Ta qədimdən əhalisinin məşğuliyyəti əkinçilik və maldarlıq olub. Kənd strateji cəhətdən çox əhəmiyyətli yerdə yerləşirdi. 60-cı illərin əvvəllərində çəkilmiş Ağdərə-Xankəndi dağ yolu (o vaxt qocalar bu yola “daşnak yolu” deyirdilər). Sırxavəndin başının üstündə keçir. Sırxavənd Ağdərə və Ağdamdan 30, Xankəndindən 40 km məsafədədir. Qazançı, Çıldıran, Ballıqaya, Dovşanlı, Seyidbəyli kimi erməni kəndlərinin əhatəsində yerləşirdi. Sırxavənddə 250-yə yaxın ev və 1250 nəfər yaşayırdı. Qarabağın bu qədim yurdu dörd dəfə düşmənin hücumuna məruz qalmış və yerlə yeksan edilərək daşı-daş üstə qalmamışdı.

1988-ci ilin fevralında başlamış erməni-azərbaycanlı münaqişəsinin ilk günündən Sırxavənd kəndi erməni quldurlarının hişangahına çevrilmişdi. Əslində 1923-cü ildən DQMV-nin yarandığı ilk gündən, gözdən, könüldən kənarda qalmış bu kəndlər xüsusilə 50-ci illərin əvvəllərində burada yaşayan azərbaycanlılar düşünülmüş gizli miqrasiyaya məruz qalmışlar. On illiklər ərzində azərbaycan kəndlərinin sosial-iqtisadi və mədəni inkişafı üçün heç bir iş görülməmiş, yeni iş yerləri açılmamış, mütəxəssislərə qsədən iş verilməmiş və bunu nəticəsində minlərlə azərbaycanlı dolanışıq çətinliyi ucbatından rayondan baş götürüb getməyə məcbur edilmişdir. Təkcə bir faktı qeyd edək ki, qonşu erməni kəndlərinin  hamısında xəstəxana, poçt, klub olduğu halda 12 azərbaycanlı kəndinin hüç birində bu obyektlər olmamışdır. Nəticədə Ağdərə rayonunda 12 min nəfər azərbaycanlı qalmışdı. Təxminən hesablamalara görə dədə-baba yurdunun zaman-zaman tərk edənlərin sayı bu rəqəmdən ən azı iki dəfə çoxdur. Ağdərənin ən böyük azərbaycanlı kəndlərindən olan Sırxavənddə işğala qədər 250-yə yaxın ailə yaşayırdı. Həmin dövrdə respublikanın müxtəlif şəhər və rayonlarında 270-ə yaxın əslən Sırxavəndli olan ailə möcvud idi. Təkcə bu faktın özü muxtar vilayətdə (54 azərbaycanlılar yaşadığı məntəqələrin hamısında vəziyyət eyni cürdür) uzun illər erməni ağalığına məruz qalmış azərbaycanlılara qarşı aparılan mərkli düşmən siyasəti haqqında  çox mətləbləri açıqlayır.

1991-ci ilin aprel ayında mənlum hadisələrlə əlaqədar o zamankı respublika hökumətinin qərarı ilə Sırxavənd ərazi icraiyyə komitəsi yaradıldı. Məqsəd Ağdərə rayonundakı 12 azərbaycanlı kəndinə idarəetmə mərkəzi yaratmaq idi. Sırxavənd bu günlər əsl mərkəzə çevrildi. Ərazi polis bölməsi, kənd təsərrüfatı idarəsi, təhsil şöbəsi, maddi-texhiki təchizat bazası, avtomobil bazası, iki yol təmir tikinti idarəsi və s. idarə, müəssisələr yaradıldı və fəaliyyətə başladı. Amma bu kəndlərin müdafiəsi, toxunulmazlığı üçün heç kim fikirləşmədi. Bu kəndlərin camaatı ibtidai icma quruluşundakı kimi ağacdan, daşdan özünə silah düzəldib, gecəli-gündüzlü düşmənin hər bir həmləsinə sinə gərirdilər.

Yaxın qonşuluğu Ballıqaya kəndi quldur yuvasına döndükdə, Sırxavəndin yuxusuz gecələri gündüzə qatılırdı. Ömrün ən ağır anlarında bu balaca kəndin ər oğulları müdrik ağsaqqalların, nur camallı ağbirçəklərin öyüdlərini özlərinə örnək tutmaqla sinələrini doğma yurdun sinələrinə döndərirdilər.

Təkcə bir il müddətində strateji cəhətdən son dərəcə əhəmiyyətli olan Sırxavənd kəndinin bəşər tarixinə yazılacaq səhifələri neçə-neçə kitablara sığmayacaq qədərdir. 1991-ci ilin payızından bəri olaraq təcavüzünə məruz qalan bu dağ dözümlü kəndin iş ahəngi yavaş-yavaş pozulur, qeyri-bərabər döyüşlərdə qüvvəsi azalırdı. Ətrafda baş verən doğma Qarabağ oğullarının dəhşətli faciələri də bir tərəfdən bu ulu diyarın sinə yaralarına dönürdü.

Kərgicahan qanları, Meşəli, Quşçular, Cəmilli kimi neçə-neçə kəndlərin qaralar ocaqları, Malıbəylinin başına gətirilən görünməmiş dəhşətlər, bəşərin vicdan xanəsini yerindən oynadan Xocalı soyqırımı, Sırxavəndin ağlar gözləri qarşısında baş verirdi. Amma kənd hələ döyüşürdü, müdafiə olunurdu. Bu ulu diyarın ər igidləri doğma torpaqların hər qarışından ötrü qəhrəmanlıq nümunəsi göstərirdilər. 1991-ci ilin dekabrında rəsmi olaraq kəndin özünümüdafiə batolyonu yaradıldı. Əli silah tutan sırxavəndlilər Bəhmən Məmmədovun komandanlığı altında kəndi müdafiə edir, ölüm-dirim savaşları aparırdılar. Yeri gəlmişkən, sırxavəndlilər  düşmənə sarsıdıcı zərbələr endirir, canlı qüvvəsini və texnikasını məhv edirdilər. Topçu Fərhadın gözündən düşmən hədəfinin heç biri yayınmırdı.

1992-ci ilin martın 12-də sübh tezdən başlayan qanlı savaşda Sırxavəndin igid oğulları düşmənin böyük qüvvəsi və texnikası ilə axşam çağına kimi əlbəyaxa döyüşdülər, son güllələrinə kimi vuruşdular. Onlar erməni qulduru və texnikasını məhv etdilər. Heç bir tərəfdən kömək göstərilməyən sırxavəndinlilərin 4 iilik ölüm-dirim savaşlarına nöqtə qoyuldu. Ata-bab yurdundan didərgin düşdülər. Köçkünlük ömrü yaşayan Sırxavəndin bu gün də onlarla vətənpərvər oğlu Vətənin müdafiəsində dayanıb.

Bir əcnəbi səyyahı Qarabağı gəzib dolaşarkən demişdi: Adam elə gəlir ki,  bura dünyanın gözüdür. Burada yaşayıb ömür sürən adamlar isə dünyanın ən xoşbəxt insanlarıdır. Elə burada istər-istəməz öz-özünü danlamalı olursan. Əgər həmin səyyahın gedişindən neçə il sonra “Dünyanın gözü” olan doğma torpaqlarımızda müxənnətlərə sığınacaq verdiyimizi bilsəydilər bizi lənətləyərdilər. “Sadəlövh olmayan insanlar, bu gün namərdlərə çörək versəniz, sabah üzünüzə ağ olacaq, bu müxxənətə qapınızda sığınacaq versəniz bir gün doğma ocağınıza shib çıxacaqdırlar. Belələrindən ehtiyatlı olun. Özünüzə qənim bəsləməyin”.

İndisə onun hər qarış torpağı, hər zərrə daşı, hər açan tumurcuğu bir nikbin arzunun  yenilməzliyi naminə öz nurlu səhərini gözləməkdədir. O səhəri ki, Sırxavənddə alovlanan doğma ocaqlarının alovu Xankəndinin zirvəsində şölələnən sönməz ocaqın oduna qovuşacaqdır.

Təqdim edilən “Ağdərədə nələr oldu?”, “Şəhidlər və şahidlər” kitabının birinci bölümündə Vətənimizin azadlığı, müstəqilliyi yolunda canından keçib şəhidlik zirvəsinə yüksələn Sırxavənd kəndinin qəhrəman oğullarından, onların göstərdikləri igidlik və şücaətlərdən az da olsa söhbət açılır. Azərbaycan xalqının bu yenilməz oğullarının hər biri haqqında ayrıca kitab yazılsa da yenə azdır. Yəqin siz kitabın adındakı “Şəhidlər və şahidlər” vurğusundan duydunuz ki, ömrünü torpaqlarımızın bütövlüyü naminə qurban vermiş şəhidlərimizlə bərabər həmin döyüşlərin iştirakçıları, şahidləri olan qəhrəman oğullarımızın barəsində də gələcəkdə yazılacaq kitablarda söhbət açılacaq. Belə ki, qardaşlarımızla çiyin-çiyinə döyüşən oğulların adı çəkilmədiyi və yazılmadığı üçün onlar bizi bağışlasınlar.

Əslində isə Vətən onun yolunda canından və qanından keçməyə hazır olanları heç vaxt unutmur.


Bir şərh yazın

Kateqoriyalar